Beşinci “Muğam televiziya müsabiqəsi” mayın sonunda başa çatacaq
1.5.2015

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə reallaşan beşinci “Muğam televiziya müsabiqəsi” mayın 29-da başa çatacaq.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin mətbuat xidmətindən  bildirilib ki, hazırda Azərbaycan Televiziyası və Radiosunda, habelə “Mədəniyyət” kanalında canlı yayımlanan müsabiqənin 11-ci həftəsi artıq sona çatmaqdadır. On bir ifaçı – Səriyyə Pirimova, Miryusuf Mirizadə, Sədəf Budaqova, Türkay Məlikova, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Şahmar Hacıyev, Səməd Səmədov, Maşallah Mirzəliyev, Fərid Əmiraslanov, Misir Məmmədov finala çıxmaq uğrunda mübarizə aparırlar. Bu gün daha iki iştirakçının müsabiqəni tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, hər həftənin bazar ertəsi və cümə günləri canlı yayımlanan müsabiqə bu il fevralın 16-dan başlayıb. Münsiflər heyətinin tərkibinə muğam sənətinin mahir biliciləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov daxildir.

AZƏRTAC