"Park Cinema" çoxsaylı xeyriyyəçilik aksiyaları həyata keçirəcək
6.5.2015

Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsi "Park Cinema" tərəfindən tezliklə çoxsaylı iri xeyriyyəçilik aksiyaları həyata keçiriləcək.

Bu tədbirlər xüsusi uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı keçirilən ənənəvi aksiyaların davamıdır.

Qeyd edək ki, bu ilin mart ayında "Park Cinema" və "Savab Dünyası" Azərbaycan Talassemiya Assosiasiyasının birgə təşkilatçılığı ilə 2500-dən artıq uşaq və yeniyetmələr animasiya və ailəvi filmlərin açıq seanslarına dəvət ediliblər. Kinoteatrın xüsusi qonaqlarına cəlb olunmuş sponsorlar və xeyriyyə qrupları tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

Bu yaxınlarda isə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi ilə birgə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindəki daun sindromlu uşaqlar üçün animasiya filmləri göstərilib. Uşaqlar valideyn və müəllimləri ilə birlikdə filmlərinin şən personajları ilə unudulmaz vaxt keçiriblər.

"Park Cinema"-nın PR meneceri Sinan Ağayevin sözlərinə görə, bu cür aksiyalar kampaniyanın gələcək planlarının az hissəsidir:

“Biz həm xəstə uşaqlar, həm də uşaq evlərindən olan balacaların cəmiyyətə inteqrasiyasının aşağı səviyyədə olmasından narahat oluruq. Bu uşaqlar sağlam uşaqlarla eymi məktəbdə oxumalı, oynamalı, kinoteatrlara getməlidirlər. Biz bu ümumi xeyirxah işə daha çox iştirakçı cəlb etmək, daha geniş aksiyalar keçirməyə planlaşdırırıq”.


Gün.az