Xalça Muzeyində istedadlı əlillərin əl işləri nümayiş olunub
6.5.2015

“İstedadlı Əlillər” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyəti olan istedadlı insanların cəmiyyətə inteqrasıyasına dəstək” adlı layihəsini uğurla davam etdirir. Layihə çərçivəsində fiziki məhdudiyyəti olan şəxslərin yaradıcılıq imkanları, bilik və bacarıqlarının üzə çıxarılıb inkişaf etdirilməsi nəzərdə tutulub. Bundan əlavə, bu qəbildən olan insanlarda sosial aktivliyin yaradılması da görüləcək işlər siyahısında yer alıb.

Bu barədə  “İstedadlı Əlillər” İB-nin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul məlumat verib.

Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycan Xalça Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə II və III qrup əlillərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub. Satış-sərgidə 6-55 yaşarası əlil insanların 200-dək əl işi nümayiş olunur. Bunlar taxtadan oymalar, xovlu və xovsuz xalçalar, yağlı boya ilə işlənən sadə və rəngli rəsmlərdir.

“İstedadlı Əlillər” İB-nin sədri Cavad Qasımov yaradılan şəraitə görə əlillər adından muzeyin direktoru Röya Tağıyevaya təşəkkürünü bildirib və təşkilat adından ona “Bizim dostumuz” adlı nominasiyanı təqdim edib.

AZƏRTAC