“Startap Azərbaycan 2015” konfransı və yekun təqdimat mərasimi keçiriləcək
6.5.2015

Mayın 15-də Park İnn Otelində “Startap Azərbaycan 2015” müsabiqəsinin yekun təqdimat mərasimi və “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər“ mövzusunda konfrans keçiriləcək.

Təqdimat mərasimində “Startap Azərbaycan 2015” layihəsinin yekunları və milli startap müsabiqəsinin nəticələri haqqında təqdimatlar olacaq. Həmçinin Startap Azərbaycan müsabiqəsinin finalçıları elan olunacaq, onlara mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Məlum olduğu kimi bu il keçirilən müsabiqəyə 34 startap müraciət etsə də Startap Azərbaycan müsabiqəsinin qaydalarına uyğun olan 22 startap yarışmaya buraxılıb və 1-ci mərhələdə ekspertiza üçün ekspertlərin rəyindən keçib. 1-ci mərhələnin yekununda 13 startap yarımfinalçı seçilməklə Startap Azərbaycan yarışmasında mübarizəni davam etdirmək statusu qazanıb.

Xatırladaq ki, ötən günlərdə 13 startap öz layihələrini oflayn şəkildə ekspertlərə təqdim ediblər və eksepertlər 2-ci mərhələ qiymətləndirməni başa çatdırıblar.
Müsabiqənin mayın 15-də baş tutacaq yekun tədbirlər çərçivəsində isə finala çıxan startaplarla investorların qapalı görüşü ( pitç sessiya) də təşkil olunacaq. Finalçılar investorlar qarşısında öz layihələri ilə bağlı qısa müddətli təqdimatlar edəcəklər.

Ənənəvi “Startap Azərbaycan 2015” konfransının məqsədi ölkədə milli startupların inkişafı perspektivləri ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır. Müzakirələrin yekunu olaraq təkliflər hazırlanacaq və müvafiq qurumlara təqdim ediləcək. Konfrans bir paneldən ibarət olacaq.

Yekun tədbirlərdə və milli konfransda startaplar sahəsində bütün maraqlı tərəflər - startap komandaları, dövlət qurumları və texnoparkların nümayəndələri, İnvestorlar və İT şirkətlər, mentorlar və ekspertlər diskussiya aparmaq və əlaqələr qurmaq üçün real imkanlar qazanacaqlar.

Xeberler.az