Azərbaycanlı uşaqlar beynəlxalq festival-müsabiqədə uğur qazanmışlar
30.4.2012

Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Yer kürəsi - bizim ümumi evimizdir” (Zemlya - naş obşiy dom”) adlı XIV Beynəlxalq uşaq musiqi yaradıcılığı festivalı keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilmişdir ki, festivalda ölkəmizi Bakı şəhərindəki Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin “Aysel” uşaq rəqs kollektivi təmsil etmişdir.
Azərbaycan, Rusiya, ABŞ, Avstriya, Polşa, Belarus, Litva, Monqolustan, Qazaxıstan və Qırğızıstanın təmsil olunduğu və 1000 nəfərə yaxın iştirakçısı olan festival çərçivəsində “Xoreoqrafiya”, “Xor oxuma”, “İnstrumental musiqi” və “Folklor sənəti” nominasiyaları üzrə müsabiqə keçirilmişdir.
Xoreoqrafiya nominasiyası üzrə müsabiqədə “Aysel” uşaq rəqs kollektivi Azərbaycanın milli rəqs nömrələri ilə çıxış edərək II dərəcəli diploma və xüsusi mükafata layiq görülmüşdür. Eyni zamanda kollektivin bədii rəhbəri İradə Əliyevaya Sverdlovsk Vilayəti Mədəniyyət və Turizm Nazirliyinin təşəkkür məktubu təqdim edilmişdir.
Festival günlərində “Aysel” uşaq rəqs kollektivinin üzvləri Sverdlovsk vilayətinin Yekaterinburq və Kamensk-Uralsk şəhərlərinin konsert salonlarında milli rəqslərimizi nümayiş etdirmişlər. Azərbaycanlı uşaqların çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.

AzərTAc