Con Hopkins Universitetinin tədqiqatçıları hesab edirlər ki, gün işığı və limon şirəsi suyu içmək üçün yararlı edir. Alimlər müəyyən etmişlər ki, suya limon şirəsi əlavə edib günün altında saxladıqda zərərli bakteriyaların, o cümlədən bağırsaq çubuğunun sayı azalır.
Bir çox ölkələrdə içməli su problemi hələ də aktualdır. Dünyada xəstəxana çarpayılarının yarısını içmək üçün yararsız sudan istifadə etməklə xəstələnən adamlar tutur.
Lakin problemi limon şirəsi və gün işığı ilə nisbətən həll etmək olar. Beləliklə, 2 litr suya 30 millilitr limon və ya layma şirəsi əlavə edib günəşli gündə 6 saat, buludlu gündə isə 48 saat günəşin altında saxlamaq lazımdır.
Bu prosedurdan artıq 30 dəqiqə sonra bakteriyaların sayının azaldığı müşahidə edilirdi. Doğrudur, bu metod nəticəsində suda norovirusların sayı azalmır.
Buna baxmayaraq, suyu limon şirəsi və günəşin köməyi ilə təmizləmə kimyəvi maddələrdən istifadə olunmasından yaxşıdır.
AzərTAc