Mayın 21-də kənd təsərrüfatı təyinatlı məhsul və texnika istehsalçılarının iri regional forumu - 9-cu Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" ("CaspianAgro 2015") sərgisi start götürəcək. Keçirildiyi illər ərzində "CaspianAgro" sərgisi hər il mütəxəssislər arasında görüşlərin keçirilməsi, habelə kənd təsərrüfatı sahəsi üçün texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından etibarlı platforma kimi özünü doğrultmuşdur. İqtisadiyyatın bu sektoru ölkə rəhbərliyinin xüsusi diqqət yetirdiyi sahələrdən biridir, belə ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev artıq bir neçə ildir ki, ardıcıl olaraq "CaspianAgro" sərgisini ziyarət edir və sərginin ekspozisiyasında təqdim edilən yeni məhsullarla tanış olur. Fəaliyyətə başladığı ilk gündən etibarən, "CaspianAgro" sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəyərli dəstək alır. Həmçinin, sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin rəsmi otelləri "Jumeirah Bilgah Beach Hotel Baku" və "Qafqaz Point Hotel" şirkətidir. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" şirkəti və onun beynəlxalq agentlər şəbəkəsi çıxış edirlər.
Sərginin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təsdiqlədiyi "Kənd Təsərrüfatı İli"nə həsr olunmuş Tədbirlər planına daxil edilməsi sərgi tarixinin mühüm hadisəsidir və sərgisinin inkişafına müsbət təkan verməklə yanaşı, tədbirə olan marağı daha da artırmışdır.
Bu əlamətdar ildə "CaspianAgro 2015" sərgisi Azərbaycanda reallaşdırılmış və kənd təsərrüfatının dinamik inkişafına kömək edən aqrar islahatların nəticələrini əks etdirməklə yanaşı, ötən il ilə müqayisədə 20% artım nümayiş etdirir. Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və xarici meydançasını əhatə edən "CaspianAgro 2015" sərgisi dünyanın 21 ölkəsini təmsil edən 142 şirkəti bir arada toplayır. Sərginin iştirakçıları arasında Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribyutorları var.
İlk dəfə olaraq, sərgidə Şri-Lanka və İordaniya şirkətləri də iştirak edəcəklər. Ümumilikdə, sərgi iştirakçılarının 50%-ni yeni şirkətlər təşkil edir və onlar Azərbaycanın kənd təsərrüfatı bazarında ilk addımlarını atırlar. "CaspianAgro 2015" sərgisinin Qeydiyyat üzrə sponsoru isə "Grand Motors" (Azərbaycan) şirkətidir.
Ümumilikdə, sərgi kənd təsərrüfatı sektorunun ən aktual sahələrini əhatə edir, belə ki, sərgidə maldarlıq, suvarma, irriqasiya və digər sistemlər geniş şəkildə təqdim olunacaq. Həmçinin, heyvan və quşların saxlanması və yemlənməsi, eləcə də kənd təsərrüfatı məhsullarının sonrakı emalı üçün ən son avadanlıqlar, yemin hazırlanması və saxlanması üçün müasir texnika, o cümlədən mikroiqlimin dəstəklənməsi, enerji istehsalı və ətraf mühitim mühafizəsi üzrə texnika nümunələri və baytarlıq preparatları, heyvan və quşların saxlanma yerlərinin tikintisi üzrə layihələrlə yanaşı, heyvandarlıq proqramları, mal-qara sürüsünün reproduksiyası üzrə metodikalar və bir sıra digər məsələlər sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək.
Kənd təsərrüfatı texnikalarının ekspozisiyası Bakı Ekspo Mərkəzinin daxilində, eləcə də açıq meydançada yerləşir. Burada "Klever", "Rostselmaş" (Rusiya), "Gəncə" Avtomobil Zavodu, "Azərtexnika" (Azərbaycan), "Grand Motors" (Azərbaycan), "New Holland" (İtaliya), "Sampo" (Finlandiya), "Fliegle" (Almaniya) və "Maschio Gaspardo" (İtaliya) şirkətləri, eləcə də digər bu kimi istehsalçı və distribyutorların təklif etdikləri müxtəlif kənd təsərrüfatı məhsullarını yığan texnikanı, yer şumlayan / toxum səpən maşınları, habelə kombaynlar və bütün növ kənd təsərrüfatı işləri üçün müxtəlif təyinatlı aqreqatları görmək mümkün olacaq.
Builki sərginin fərqləndirici cəhəti maldarlıq sahəsi üzrə sərgi iştirakçılarının əhəmiyyətli dərəcədə artmasıdır. Belə ki, diri çəkidə ət istehsalı (505.5 min ton) 1.7%, süd (1 mln. 855,6 min ton) 3,3%, yumurta (1 mlrd. 562,7 mln. ədəd) isə 11,5% artmışdır. Həmçinin, ətin ixracına da start verilib. Sərgi çərçivəsində ölkənin kənd təsərrüfatı sahəsində lider müəssisələri - "Aqro Kompleks Qəbələ", "BMS Aqro", "Dilbor Qarabağ", "Hilal Aqro", "Nova Nord" və digər şirkətlər maldarlıq sahəsinin potensialını və investisiya layihələrini nümayiş etdirirlər. Bakı Ekspo Mərkəzinin açıq meydançasında ilk dəfə olaraq ən yaxşı yerli və xarici damazlıq heyvan cinsləri - keçi, inək, dəvə, qoyun, eləcə də dağ atlarının qədim cinsi - Qarabağ atları nümayiş etdiriləcək. Ölkənin maldarlıq potensialının əyani nümayişi həm daxili, həm də beynəlxalq bazarlarda kənd təsərrüfatı məhsullarının rəqabətlilik qabiliyyətini artıracaq.
Regionun yeganə ixtisaslaşmış sərgisində təkcə iştirakçı olmaq deyil, həm də bu sərgini ziyarət etmək kənd təsərrüfatı sənayesi ilə bağlı fəaliyyət göstərən bütün şirkətlər üçün mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq, "CaspianAgro" sərgisi çərçivəsində Azərbaycanın 22 bölgəsini - Bərdə, Hacıqabul, Füzuli, Cəlilabad, Gəncə, İsmayıllı, Kürdəmir, Lənkəran, Sabirabad, Şabran, Salyan, Siyəzən, Şəki, Şəmkir, Qəbələ, Qobustan, Quba, Xaçmaz, Ucar, Yevlax və Zaqatala rayonlarını təmsil edən sahibkar və fermerlər üçün işgüzar turlar təşkil olunub. Bu işgüzar turlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və "Aqrolizinq" təşkilatının dəstəyi ilə Azərbaycanlı sahibkarları yüksək keyfiyyətli məhsulların istehsalı üçün başlıca amillər olan yeni texnologiyalarla tanış etmək və onlarla təcrübə mübadiləsi aparmaq məqsədi ilə təşkil olunur.
Hər il "CaspianAgro" sərgisini ziyarət edən fermerlərin sözlərinə görə, bu tədbir kənd təsərrüfatı sahəsi üzrə ən son yeniliklərlə tanış olmaq üçün ən yaxşı məkandır. Sərgi bu il də ən müxtəlif istiqamətlər üzrə bir sıra yeni məhsullarla - kombaynlar, süni göllər yaratmaq üçün texnologiyalar, geo-membranlar və geo-tekstil, ən son suvarma və irriqasiya sistemləri, avtomatlaşdırılmış damla suvarma sistemi, separator (ayırıcı) sistemlər, şüşə və tunel istixanalar, bitkiçilik və gülçülük sahəsi üçün məhsullar, bio-arılar, meyvə-tərəvəz sahəsi üzrə yeni növlər və bir sıra digər məhsullarla tanışlıq üçün imkan yaradır.
Sərgiyə həsr olunmuş işgüzar proqram çərçivəsində Bakı Ekspo Mərkəzinin konfrans zalında Rusiya şirkətlərinin biznes-missiyası təşkil olunacaq. Sözügedən biznes-missiyada Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi nəzdində Gömrük İttifaqı orqanları ilə qarşılıqlı əlaqə və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin nümayəndəsi O. S. Mizerkova, "Rusiya Xarici Kredit və İnvestisiyaların Sığortalanması Agentliyi" Səhmdar Cəmiyyətinin ("Eksar"), eləcə də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası iqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri iştirak edəcəklər. Biznes-missiya çərçivəsində Rusiya və Azərbaycan şirkətlərinin təqdimatı ilə yanaşı, saat 14:30-dan 16:30-a qədər Rusiya və Azərbaycan müəssisələri üçün biznes əlaqələrinin birjası təşkil olunacaq.
Beləliklə, Azərbaycanda "Kənd Təsərrüfatı İli"nə təsadüf edən bu sərgi aqrar sənaye kompleksinin mütəxəssisləri, fermerlər, kənd təsərrüfatı məhsullarının distribyutorları, balıq təsərrüfatı və un istehsal edən zavodların sahibləri, habelə Azərbaycanda kənd təsərrüfatının inkişafına maraq göstərən və bu prosesdə fəal iştirak edən insanların görüş yerinə çevriləcək. Sərgidə kənd təsərrüfatı sahəsi üzrə yeniliklər, işgüzar əlaqələr, kənd təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsinə cəlb olunmuş dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər və xarici həmkarların təcrübəsi qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətədavamlı olmasına və investisiya həcminin artmasına kömək edəcəkdir. Sərgi 2015-ci il may ayının 21-dən 23-nə kimi Bakı Ekspo Mərkəzində keçiriləcək.
Milli.az