Bakının Xətai rayonunda yeni avtomobil yolu salınır. Yol Heydər Əliyev prospekti ilə Babək prospektinin birləşdiyi hissədə tikilir.
«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev yeni yolun 2 hərəkət zolağına malik olacağını, onun uzunluğunun 300 metrə çatacağını söyləyib: «Hazırda yolun tikintisi üçün ərazidəki şəxsi evlər sökülür. Sakinlərə müxtəlif məbləğdə kompensasiya təklif edilsə də, onlar bu məbləğdən 7-8 dəfə artıq məbləğ tələb edirdilər. Məsələni məhkəmə yolu ilə həll etməli olduq. İndi əlimizdə ərazidəki evlərin sökülməsinə icazə verən məhkəmə qərarı var. İşlər davam edir».
P.Mürsəliyev bildirib ki, ərazidə yeni yolun inşasına səbəb, iki prospektin birləşdiyi yerdə yaranan tıxaclardır. Tikinti işlərinin mayda başa çatdırılması nəzərdə tutulub.
Milli.Az