Azərbaycan gimnastı Aliyə Qarayeva Rusiyanın Penza şəhərində keçirilən Dünya Kuboku yarışlarında halqa ilə hərəkətlərdə qalib gəlmişdir.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən verilən xəbərə görə, milli komandanın liderinin aktivində bu uğur Azərbaycan idmanı tarixində ilk dəfədir. Şənbə günü çoxnövçülük üzrə, bazar günü isə lentlə hərəkətlərin finalında komandamızın qazandığı bürünc medallar, ümumiyyətlə desək, gözlənilən hal idi, halqa ilə hərəkətlərdə qələbə isə Olimpiya mövsümünün ən parlaq məqamı olmuşdur.
Gimnastikada bu möhtəşəm uğurun səbəbkarı demişdir:
-Bir sıra adlı-şanlı idmançılar uğursuz çıxış etdilər, o cümlədən dünya çempionu rusiyalı Darya Dmitriyeva ikinci yerlə kifayətlənməli oldu. Ölkəmizin himninin səslənməsini eşitmək çox xoş idi. Bu himnin sədaları beynəlxalq miqyaslı müxtəlif turnirlərlə bağlı xoş xatirələrimi canlandırdı.
Halqa ilə hərəkətlərin finalında qələbə qazanacağımı gözləyirdimmi? Mən həmişə gimnastika xalçası üzərinə çıxarkən özümə qələbə ruhu aşılamağa çalışıram, həm özümü, həm də ölkəmizi layiqincə təmsil etməyi qarşıya məqsəd qoyuram. Düzdür, müəyyən xırda səhvlər oldu, lakin onlar finalda qalib gəlməyimə mane olmadı. Gələcək planlarım barədə onu deyə bilərəm ki, mayın ortalarında Fransada Dünya Kubokunun daha bir mərhələsində, sonra isə cari ildə birinci və qarşıdan gələn Olimpiada ərəfəsində sonuncu böyük turnirdə – iyunun 1-3-də Nijniy Novqorodda keçiriləcək Avropa çempionatında çıxış edəcəyəm.
Avropa birinciliyinin iştirakçıları arasında Azərbaycanın qrup komandası da olacaqdır. Komandamız həmin yarışlara hazırlıq çərçivəsində bu həftə Lalə Yusifova ilə birlikdə Sofiyaya, Dünya Kubokunun digər yarışlarına yola düşəcəkdir.
AzərTAc