NATO-nun Mənzil Qərargahında I Avropa Oyunlarına həsr olunan sərgi keçirilib
1.6.2015

NATO-nun Mənzil Qərargahında I Avropa Oyunlarına həsr olunmuş fotosərgi keçirilib. Azərbaycanın NATO yanında Nümayəndəliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Brüssel ofisinin tərəfindən NATO-nun Mənzil Qərargahında Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 21 illiyinə və I Avropa Oyunlarının təqdimatına həsr olunmuş "Azərbaycan və Avropa: idmanda rəqib, sülh naminə tərəfdaş" mövzusunda fotosərgi keçirilib.

Аzərbaycanın NATO yanında Nümayəndəliyindən  verilən məlumata görə, sərgidə Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektlərini, o cümlədən siyasi dialoq, əməliyyatlara töhfə, mülki fövqəladə planlama, ictimai diplomatiya və müdafiə sahəsində əməkdaşlığı əks etdirən fotolarla yanaşı, Azərbaycan Avropa Cəmiyyəti (TEAS) tərəfindən I Avropa Oyunları ilə bağlı keçirilmiş fotomüsabiqədə seçilmiş fotolar nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan Avropa Cəmiyyəti (TEAS) tərəfindən I Avropa Oyunlarının təbliğatı məqsədi ilə təşkil olunmuş fotomüsabiqədə 10 ölkədən 50 fotoqraf 300-dən artıq foto ilə iştirak edib. Müsabiqədə seçilmiş 65 ən yaxşı foto Avropanın müxtəlif ölkələrində nüfuzlu qalereyalarda nümayiş olunub.

Sərgidə həmçinin I Avropa Oyunları ilə bağlı videoçarx göstərilib və çap materialları paylanılıb.

Milli.Az