Gənc analar körpə həyatı üçün vacib olan peyvəndlərlə bağlı maarifləndiriləcək
3.6.2015

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam körpə, etibarlı gələcək üçün peyvəndlər!” adlı layihənin icrasına başlayıb.

İctimai birlikdən  verilən məlumata görə, layihənin məqsədi gənc anaları körpə həyatı üçün vacib olan peyvəndlərlə bağlı maarifləndirməkdir.

Layihə Bakıda, Ağcabədi və Mingəçevir rayonlarında həyata keçiriləcək. Əvvəlcədən təyin olunmuş məkanlarda analar üçün pediatrların iştirakı ilə seminarlar təşkil olunacaq. Seminarlarda əsasən uşaqları peyvənddən yayındırmağın fəsadlarından danışılacaq. Sonda isə valideynlərin yazılı formada təklif və rəyləri alınacaq.

Layihə çərçivəsində valideynlər üçün psixoloqlar tərəfindən pulsuz psixoloji yardım təklif olunacaq, onlarla söhbət aparılacaq. Bununla yanaşı, analar sutkanın 8 saatı ərzində telefonla və elektron formada peyvəndlərlə bağlı bütün suallara cavab tapa biləcəklər.

AZƏRTAC