“Azərbaycanda əhalinin 4,6 faizini əlillər təşkil edir. Dünyada isə bu, 15 faizdir”. Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda əlillərin problemlərinin həlli üçün çox önəmli tədbirlər həyata keçirilir: “Dünyanın elə bir ölkəsi yoxdur ki, əlillərin problemləri tam həll olunsun. Əlillərin sosial müdafiəsi müxtəlif istiqamətlərdə həyata keçirilir. Son 10 ildə ölkə prezidentinin fərman və sərəncamları ilə əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 9,6 dəfə, sosial müavinətlərin məbləği 3,7 dəfə artırılıb. Əlillərin kvotası müəyyənləşdirilib. 100 nəfərdən artıq işçisi olan müəssisələrdə 4-5 faiz kvota müəyyən edilib. Təəssüf ki, bu kvotaya bəzi müəssisələrdə əməl edilmir”.
N. Məmmədov bildirib ki, kvotaya əməl olunmamasına görə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə cərimələrin məbləği artırılıb: “Kvota probleminin həlli üçün zaman lazımdır. Hər il Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət proqramı qəbul edilir. Son 3 ildə maşınla təmin olunan əlillərin sayı 3 min, mənzillə təmin olunanların sayı 5 min nəfər təşkil edib. Ölkədə əlillərin 14 bərpa və reabilitasiya mərkəzi fəaliyyət göstərir. Orada ildə orta hesabla 8 min əlilə xidmət göstərilir”.
APA