Qız Qalasında muzey konservasiyası işlərinin birinci mərhələsi başa çatıb
2.5.2012

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq ərazidəki tarix-memarlıq abidələrinin qorunmasına göstərilən xüsusi qayğı çərçivəsində Qız Qalasında aparılan muzey konservasiyası işlərinin birinci mərhələsi başa çatıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, birinci mərhələdə işlər Qız Qalası abidəsinin kontrforsunda və baxış meydançasında aparılıb. Muzey konservasiyası zamanı zədələnmə səviyyəsindən asılı olmayaraq heç bir daş abidədən kənarlaşdırılmayıb və mövcud problemlər aradan qaldırılaraq kontrforsun səthi möhkəmləndirilib. Bərpa zamanı Almaniyanın “Remmers” şirkətinin Qız Qalasının bərpası üçün nəzərdə tutulmuş xüsusi materiallarından istifadə olunub və abidənin kontrforsunun hər bir daşına zədələnmə dərəcəsinə və xüsusiyyətinə görə fərdi yanaşılıb.

Konservasiya işləri Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən İçəri Şəhərdə yerləşən Məhəmməd Məscidini bərpa etmiş “Atelier Erich Pummer” şirkətinin rəhbəri Erik Pummerin başçılığı ilə xarici və yerli mütəxəssislər tərəfindən həyata keçirilib. Qız Qalasının əsas dairəvi hissəsində muzey konservasiyasının ikinci mərhələsi 2012-ci ilin iyun ayının əvvəlində başlanacaq. Tam işlərin bitməsi 2013-cü ilin ikinci yarısı üçün nəzərdə tutulub.

APA