Mehriban Əliyevaya Serbiyanın yüksək dövlət mükafatı təqdim edildi
12.6.2015

“Bizi seçdiyinizə görə çox sağ olun”.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Serbiya Respublikasının yüksək dövlət mükafatı - “Sreten” ordeni təqdim olunub.

Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya səfərə gələn Serbiya prezidenti Tomislav Nikoliçin, xanımı Draqiça Nikoliçin iştirakı ilə Mehriban Əliyevaya “Sreten” ordeni təqdim olunub.

Mehriban Əliyevanın “Sreten” ordeni ilə təltif edilməsi haqqında Serbiya prezidentinin fərmanı oxunduqdan sonra, Tomislav Nikoliç mükafatı Azərbaycanın birinci xanımına təqdim edib.

“Serbiyada belə bir deyim var: Siz öz ailənizi seçə bilməzsiniz, lakin dostlarınızı seçə bilərsiniz. Bizi seçdiyinizə görə çox sağ olun”, deyə Serbiya prezidenti qeyd edib.

Birinci xanım Mehriban Əliyeva mükafata görə minnətdarlığını bildirərək mükafatı təkcə səylərin qiymətləndirilməsi kimi yox, həmçinin Serbiya ilə Azərbaycan arasında qarşılıqlı dostluq və hörmət rəmzi kimi dəyərləndirib. Heydər Əliyev Fondunun prezidenti Fondun Serbiyada öz fəaliyyətini davam etdirəcəyini vəd edib.

Oxu.az