Serbiyada dünya karikatura muzeyləri və təşkilatları rəhbərlərinin III Beynəlxalq konfransı keçirilmişdir
9.9.2011

Sentyabrın 1-dən 7-dək Serbiyanın Zemun şəhərində dünya karikatura muzeyləri və təşkilatları rəhbərlərinin III Beynəlxalq konfransı keçirilmişdir.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin idarə heyətinin verdiyi məlumata görə, tədbirin Azərbaycan, Türkiyə və İrandan olan iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Belqrad şəhərində ucaldılmış abidəsini ziyarət etmişlər.
Konfransa Azərbaycan, Belçika, Hollandiya, Türkiyə, Bolqarıstan, Polşa, Fransa və İrandan dəvət olunmuş nümayəndələr öz ölkələrində karikatura janrının vəziyyəti, karikatura muzeylərinin və təşkilatlarının fəaliyyəti və onların qarşılaşdıqları problemlər haqqında təqdimatlarla çıxış etmişlər. Tədbirdə ölkəmizi Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə təmsil etmişdir.
Beynəlxalq konfrans çərçivəsində Azərbaycan rəssamlığında karikatura janrının yaranma tarixi və inkişafı barədə geniş məlumat verilmiş, karikaturaçı rəssamlarımızın əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.