İyunun 16-da Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışları başlayıb.
İyunun 22-dək davam edəcək yarışın ilk günündə kişilər və qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəş açmaq, o cümlədən də kişilər və qadınların səngər stendi yarışları keçirilir. Kişilər arasında səngər stendi yarışının ilk təsnifat mərhələsində Azərbaycanı Elvin İsmayılov və Əlimirzə Quliyev, qadınlarda isə Alina Rafiqxanova təmsil edir.
Yeddi yarış günündə ümumilikdə 210 kişi və 120 qadın idmançı 19 dəst qızıl medal uğrunda mübarizə aparacaq. Yarışlar 9 kişi, 6 qadın və 4 qarışıq komanda halında keçiriləcək. Bu idman növündə Azərbaycanı 10 idmançı təmsil edir.
Bununla yanaşı, 15 fərdi yarışların qalibləri birbaşa "Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, atıcılıq ilk dəfə Olimpiya Oyunlarının proqramına 1896-cı ildən daxil edilib. 2000-ci ildə keçirilən Sidney Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Zemfira Məftəhəddinova qızıl medal qazanıb.
AZƏRTAC