Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu illiyi ilə əlaqədar hazırlanmış "Azərbaycanın təhsil tarixi" kitabının cümə axşamı təqdimatı keçirilib.
Kitabın müəllifi Azərbaycanın təhsil naziri Misir Mərdanovdur.
Tədbirdə çıxış edən hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanın təhsili bu gün yeni inkişaf mərhələsinə çatıb.
"Azərbaycanda təhsilli, bilikli, müasir dünyanın fəal üzvünə çevriləcək gənclərimiz formalaşıb. Burada Azərbaycan məktəblərinin böyük rolu var. Azərbaycan təhsilinin öyrənilməsinə, tarixinin araşdırılmasına ehtiyac var. Tarixin əhəmiyyətli hissəsi olan təhsil tarixinin araşdırılması sahəsində müəyyən boşluqlar var. Azərbaycanda ən az tədqiq olunan sahə təhsil sahəsidir. Bu sahədə ciddi araşdırmaların aparılmasına ehtiyac var", - o deyib.
Mərdanovun müəllifliyi ilə kitabın hazırlanmasına yüksək qiymət verən Əhmədov bildirib ki, bu, sadəcə bir tədqiqatçının araşdırmaları deyil.
"Bu, ən təcrübəli təhsil idarəedicisinin təhsilə verdiyi qiymətdir", - Əhmədov vurğulayıb.
Milli Məclisin vitse-spikeri Bahar Muradova bu tədqiqatın aparılmasının tarixə, varisliyə və müasirliyə əsaslandığını söyləyib.
Mərdanov deyib ki, onun müəlliflik etdiyi kitab 3 cilddən ibarətdir.
"Bu kitabların hazırlanmasına Heydər Əliyevin tapşırığı ilə başlanılıb. Mən 10 il ərzində bu kitabların üzərində işləmişəm. Prezidentin razılığı və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə həmin kitabların təqdimatına toplaşmışıq", - nazir deyib.
O əlavə edib ki, kitabın 4-cü cildi artıq mətbəədə çap edilir.
Kitabın 1-ci cildində 1920-ci ilədək Azərbaycanın təhsil tarixi ilə bağlı məlumatlar əks olunub. II cild Azərbaycanın sovet dövründəki təhsil tarixi ilə bağlıdır. Kitabın III cildində isə Azərbaycanın müstəqillik illərində ölkəmizin təhsil tarixi, keçdiyi yollar, görülən işlər barədə geniş məlumatlar verilib.
"Təəssüf ki, I cild digərlərindən az səhifəli və az məlumatlıdır. Çünki arxivdə o qədər də ciddi məlumatlar tapa bilmədik. Əgər gələcəkdə bizim və digər naşirlərin, yaxud müəlliflərin imkanı olarsa, daha geniş tədqiqat apara bilərlər", - Mərdanov qeyd edib.
Bu kitablar Azərbaycanın bütün kitabxanalarına, o cümlədən ali və orta məktəblərin kitabxanalarına göndərilib və bu iş davam etdirilir.
Trend