Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı I Avropa Oyunları çərçivəsində Oskar mükafatçısı Martin Mak Donaxın “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” tamaşalarını nümayiş etdirəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 22-24 iyun tarixlərində nümayiş etdiriləcək tamaşalar Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Gənc Tamaşaçılar Teatrı və "British Council" Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində hazırlanıb.
Tamaşaların quruluşçu rejissoru Yan Uilem Van Den Boş, quruluşçu rəssamı Liza Kuk (Böyük Britaniya), işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), rejissorları Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyevadır.
Səhnə əsərlərində əməkdar artistlər Naibə Allahverdiyeva, Şəfəq Əliyeva, Qurban İsmayılov, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova, Asya Atakişiyeva, Vüqar Məmmədəliyev, Rasim Cəfərov, Manaf Dadaşov, Ramil Məmmədov, Anar Səfiyev, Vüsal Mehrəliyev iştirak edirlər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında I Avropa Oyunları ilə bağlı xarici qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyunun 29-a dək davam edəcək.
APA