Meteohəssas insanlar üçün əlverişsiz hava gözlənilir
23.6.2015

Bəzi yerlərdə havanın temperaturu 42 dərəcəyə çatacaq

Bakı və Abşeron yarımadasında iyunun 24-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 24-26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması fonunda isti temperatur diskomfortu xüsusilə gündüz saatlarında meteohəssas insanlar üçün əlverişsizdir.

APA