Azərbaycanda qəbul imtahanı keçirilir
2.7.2015

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul və buraxılış imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, imtahanlar bütövlükdə respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 64 imtahan mərkəzində təşkil olunacaq və bütün binalarda eyni vaxtda - saat 10-da başlanacaq.

İmtahanların idarə olunması üçün 314 imtahan rəhbəri, 2742 nəzarətçi-müəllim ayrılıb.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarında iştirak etmək üçün 16150 abituriyent müraciət edib.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanında iştirak etmək üçün 12941 abituriyent qeydiyyatdan keçib.

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər üçün buraxılış imtahanında 1142 nəfər IX sinif şagirdinin, 3510 XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

APA