BSANNA-nın V Baş Assambleyasının iştirakçıları Müasir İncəsənət Muzeyində olmuşlar
14.6.2011

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının – BSANNA–nın Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçirilən V Baş Assambleyasının iştirakçıları iyunun 14-də Müasir İncəsənət Muzeyində olmuşlar.
Qonaqlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyası ilə tanış olmuşlar. Qeyd edək ki, ekspozisiyanın əsasını Azərbaycan rəssamlarının XX əsrin ikinci yarısından tutmuş bu günümüzədək avanqard üslubda yaratdıqları ən yaxşı rəngkarlıq və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın tanınmış, gənc rəssam və heykəltəraşlarının yüzədək əsəri nümayiş etdirilir. Xüsusi şöbədə isə avanqardçı rəssamlarımızın əsərlərini almaq olar.
Qonaqlara məlumat vermişlər ki, muzeydə Azərbaycan rəssamlarından Səttar Bəhlulzadənin, Böyükağa Mirzəzadənin, Tahir Salahovun, Ömər Eldarovun, Rasim Babayevin, Altay Sadıqzadənin, Bəhram Xəlilovun və başqalarının əsərləri nümayiş etdirilir. Qonaqlar, həmçinin Salvador Dali, Pablo Pikasso və Mark Şaqal kimi dünya şöhrətli rəssamların bəzi əsərlərinin orijinalları ilə tanış olmuşlar.
Qonaqlar Mehriban Əliyevanın ötən il Bakıda, “Qız qalası” Beynəlxalq incəsənət festivalında təqdim olunmuş əsərinə maraqla tamaşa etmişlər. Qız qalası formasında yerinə yetirilmiş əsərdə bir sıra ölkələrin müxtəlif tarix və mədəniyyət abidələrinin təsvirləri yer almışdır. Maket üzərində qurulan avanqard üslubda çətir mədəni irsin qorunub saxlanmasına çağırışın rəmzidir. Bu çağırış “Abidələri qoruyun” əsərinin adında da əksini tapmışdır.
Tanınmış rəssam Altay Sadıqzadənin dizaynı əsasında yaradılmış muzeydə uşaq incəsənəti salonu, kitabxana, videozal, restoran və art-kafe fəaliyyət göstərir.