Türkiyə kanallarında tez-tez gündəmə gələn professor, doktor Canan Karatay bu dəfə də öz məsləhətləri ilə diqqət çəkib. O, xolesterinin insan həyatı üçün təhlükəli olduğunu və bunun qarşısını almaq üçün insanların çörəkdən və şəkərdən imtina etməsinin vacib olduğunu bildirib.
Professor şəkərin insan üçün ən şirin zəhər olduğunu bildirərək insanlara 2 dilimdən artıq çörək yeməməyi məsləhət görüb. Çörək yemədən doymayan inşaat işçilərinin isə doyması üçün çörəksiz 10 yumurta və 2 turp yeməli olduğunu bildirib. Yağların ürək böhranı, damar tıxanıqlığı, damar sərtləşməsi, xərçəng, şəkər xəstəliyi kimi xəstəliklərə səbəb olduğunu deyən C.Karatay kökəlməyin genetik olmadığını, yalnız 1980-ci ildən sonra kilolu insanların sayının artdığını bildirib. Bunun səbəbini isə şəkərdən istifadənin artmasında görən professor qarınlı insanların gizli şəkər xəstəsi olduğunu bildirib.
Qərbdə aparılan son elmi tədqiqatlar isə xolesterinin zərərləri haqda deyilənləri yalan və mif adlandırıb. Onların araşdırmasına görə, xolesterinin azlığı yaddaş pozğunluğundan xərçəngə qədər ən müxtəlif xəstəliklərə səbəb olurmuş. Elmi tədqiqatlar göstərib ki, çoxlarının zərərli bildiyi, müxtəlif pəhriz və müalicələrlə qurtulmaq istədiyi xolesterinin insan orqanizminə faydaları var. Üstəlik, onun azlığı insanın səhhətində müəyyən fəsadlara gətirib çıxarır. Xolesterinin əsas özəlliklərindən biri onun mikroblara qarşı aktiv mübarizə aparmasıdır. Bu maddə ana bətnindəki dölün beyin inkişafı, həmçinin mərkəzi sinir sisteminin normal funksiyası üçün də olduqca əhəmiyyətlidir. Təsadüfi deyil ki, xolesterinin 23 faizi məhz beyində toplanır.
Mövzunu araşdıran Rusiyanın tibb elmləri namizədi, həkim O.İ.Senyova bildirib ki, əgər əvvəlki nəsillər xolesterindən qurtulmaq üçün qatı pəhrizlər saxlasaydı, müasir insanın beyin funksiyaları xeyli geriləmiş olardı. Xolesterinin miqdarında kəskin azalma orta yaşlılarda və qocalarda ciddi yaddaş zəifliyinə səbəb olur. Xolesterinin azlığı orqanizmin stressə qarşı mübarizəsini də zəiflədir.
Qida rasionunda heyvan mənşəli yağlar azalarsa, böyrəklər normadan artıq yüklənmiş olacaq. Yaşam üçün xolesterinin olması zəruridir. Əks halda böyrəklər bu maddəni karbohidratlardan almalı olacaq. Qidalarda xolesterinin azlığı böyrəklər üçün çox ciddi böhran deməkdir: miqdarın normadan az olması xərçəng riskini artırır, yaddaş zəifliyi yaradır, Parkinson xəstəliyinə, həmçinin insulta, aqressiyaya və bəzi hallarda özünüöldürmə həddinə gəlib çıxmağa səbəb olur. O.İ.Senyova illərdir iddia edilənlərin əksinə olaraq xolesterinin infarkta şərait yaratmadığını da deyir: "Xolesterinlə bağlı yayılan mif ona gətirib çıxarıb ki, sağlamlıq üçün faydalı olan heyvan mənşəli yağlar ürəyin düşməni elan olunub. Hətta ifrata varıb yumurtanın ağını yeməyənlər var. Halbuki yumurtanın ağı onun ən xeyirli hissəsidir".
Rusiyalı həkimin sözlərinə görə, illərdir oturuşmuş yanlış informasiyanın qurbanları da olub. Onlardan biri də ABŞ-ın keçmiş prezidentlərindən biri Duayt Eyzenhauerdir: "İlk infarktdan sonra həkimlər onu aşağı xolerestinli pəhrizə oturdublar. Pəhrizə baxmayaraq, xolesterinin miqdarı yüksəlməyə başlayıb".
Tibb elmləri doktoru, professor Adil Qeybulla insanın xolesterinsiz keçinməsinin mümkün olmadığını bildirib: "Xolesterin orqanizmdə istifadə olunan plastik material kimi sərf edilən maddələrdən biridir. Təbii ki, insan xolesterinsiz keçinə bilməz. Amma söhbət ondan gedir ki, xolesterinin açıq parçalanma məhsulları var. Bu parçalanmadan sonra müxtəlif fraksiyalı, yüksək orta və aşağı sıxlıqlı lipoproteinlərə çevrilir. Aşağı sıxlıqlı lipoproteinlərin bədəndə çox olması sübut edib ki, hərəkətsiz orqanizmlərdə damarlarda problem yaranır. Damarlara çökür, tromblar yaradır və damarların daralmasına gətirib çıxarır.
Buna görə də həddən artıq xolesterinli qidalar qəbul edən şəxslərdə ürək-damar xəstəlikləri tez baş verir. Söhbət xolesterinin zərərindən getmir. Söhbət hipodinamiyadan gedir. Bu qədər qida ilə bədənə qəbul olunan kalori hərəkət nəticəsində orqanizmdə sərf olunmalıdır. Sərf olunan kalori ilə qəbul edilən kalori arasında balans yaranır. Əsas bəla xolesterinli qidalardan sonra çox az hərəkətlilikdədir. İnsanlar istəyirlər ki, çox yesinlər və uzanıb yatsınlar. Bizim babalarımız da çoxlu qida qəbul ediblər. Amma onlar işləyiblər, fiziki işlər görüblər deyə, bədəndə yanma prosesləri gedib və xolesterin mübadiləsi sona qədər gedib və parçalanma məhsulları qana keçməyib. Buna görə də onlar uzunömürlü olublar. Yəni problem xolesterinli qidalarda deyil, az hərəkətlilikdədir".
Milli.az