16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilir
9.7.2015

Zaqatala şəhər Olimpiya İdman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası davam edirik.

Yarışlar 12 yaşadək idmançılar arasında "B" və 12 yaşdan yuxarı idmançılar arasında "A" qrupları üzrə keçirilir.

A qrupunda 4 turdan sonra 4 zəka sahibi aktivinə 4 xal yazaraq zirvəni bölüşürlər. Belə ki, 4-cü turda A qrupunda Rüstəm Bünyatov Ləman Hüseynovanı sınağa çəkib. Görüş 1-0 Bünyatovun xeyrinə başa çatıb. Murad İbrahimli isə Ləman Hacıyevanı məğlub edib. Nurlan Şükürov və Babək Cəfərli qarşılaşması isə ikinci tərəfin xeyrinə başa çatıb. Bu turda aktivinə 4-cü xalı yazmağa müvəffəq olan daha bir şahmatçı Vüsal Həsənzadə olub. Şəhriyar İsgəndərov və Ramin Şəfizadə isə 3.5 xal toplayaraq liderlərdən yarım xal geri qalırlar.

B qrupunda isə 15 şahmatçı 4 oyundan 4 xal toplayaraq 100 faizlik nəticə göstərib.

Olimpiada isveçrə sistemi üzrə 11 turdan ibarət olaraq, FIDE qaydalarına əsasən keçirilir və şəxsi -komanda xarakteri daşıyır.

Turnir iyulun 16-da başa çatacaq.

Milli.Az