Musiqi məktəbləri üçün metodiki vəsaitlər hazırlanıb
10.7.2015

Musiqi məktəbləri üçün metodiki vəsaitlər hazırlanaraq nəşrə göndərilib. Bunlar "Vokal", "Dirijorluğun əsasları", "Xor", "Azərbaycan xalq musiqi yaradıcılığı", "Violonçel", "Saz sinfi", "Xanəndəlik", "Alt" və "Skripka" adlı uşaq musiqi və incəsənət məktəbləri üçün proqramlardır. Bu proqramların yeni tədris ilində istifadəsi nəzərdə tutulub. Bunlarla yanaşı, uşaq musiqi və incəsənət məktəblərində tədris üçün bir sıra metodik vəsaitlər və tövsiyələr hazırlanıb.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov məlumat verib. Bildirib ki, bu metodiki vəsaitlər qurumun illik iş planına daxildir və mərkəzin bədii təhsil şöbəsi tərəfindən hazırlanıb.

V.İsmayilov vurğulayıb ki, müxtəlif müəssisələrdə çalışan mütəxəssislər öz dərs vəsaitləri ilə müraciət edirlər. Mərkəzin elmi-metodiki qrupu onları müzakirə edir, metodiki vəsait kimi istifadəsinə rəy verir. Müzakirə zamanı vəsaitin proqrama və müasir tələblərə uyğunluğu, əhatəliliyi yoxlanılır.

Qeyd edək ki, qurum tərəfindən ötən illərdə də musiqi məktəbləri üçün çoxsaylı metodiki vəsait çap olunub.

AZƏRTAC