Azərbaycanın “Sahə” bədii filminin rejissoru Moskva hökumətinin diplomu ilə təltif olunmuşdur
9.9.2011

Rusiya paytaxtında keçirilmiş XV Milli Kinematoqrafiyalar Forumunda Azərbaycanın “Sahə” bədii filminin rejissoru İlqar Safat Moskva hökumətinin diplomu ilə təltif olunmuşdur.
“Narimanfilm” kinoşirkətinin mətbuat xidmətindən bildirilmişdir ki, XV Milli Kinematoqrafiyalar Forumu Rusiya Federasiyası Dövlət Film Fondunun və MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Kinematoqrafistlər İttifaqları Konfederasiyası tərəfindən “Moskva premyerası” festivalı çərçivəsində keçirilmişdir.
Mövcud olduğu 15 il ərzində forum bir çox istedadların aşkar edilməsinə şərait yaratmışdır. MDB, Latviya, Litva və Estoniyanı əhatə edən forum dünya kinosevərlərinə həmin ölkələrin kinematoqrafiyasında baş verən yeniliklərdən xəbər tutmağa imkan yaratmışdır.
XV Milli Kinematoqrafiyalar Forumunda Azərbaycanı uğurla təmsil etmiş “Sahə” (The Precinct) filmində məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışılır.
Film “Narimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalıdır, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və həmçinin, “PAŞA Bank”ın iştirakı ilə ərsəyə gətirilmişdir.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa etmişlər.
Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. Operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze; quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.
“SAHƏ” filmi haqqında daha geniş məlumatı www.theprecinct.az və www.narimanfilm.az saytlarından əldə etmək olar.