İlham Əliyevdən aviabiletlərin qiymətləri ilə bağlı - TAPŞIRIQ
14.7.2015

İpoteka kreditləşməsinə 200 milyon manat ayrılacaq.

Bu ilin 6 ayının yekunları çox müsbətdir və Azərbaycan uğurla inkişaf edir.

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə deyib.

“Son 6 ayda iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub.

Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub”, - dövlət başçısı deyib.

İlham Əliyev həmçinin qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, ölkədə vergi daxilolmalarının tam təmin edilməsi, bu sahədə qanunsuz halların qarşısının alınması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışıb.

Dövlət başçısı yaxın vaxtlarda dərman preparatlarının qiymətlərinin tənzimlənəcəyini və bu sahədə şəffaflığın təmin olunacağını bildirdi. İpoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manatın vəsaitin ayrılacağını deyən İlham Əliyev paytaxtda ekoloji vəziyyətin getdikcə yaxşılaşdığını, Böyükşor gölünün təmizlənməsi prosesinin davam etdiyini, birinci Avropa Oyunlarından sonra ölkəmizə turist axınının daha da sürətləndiyini bildirdi, turistlərə vizaların verilməsinin tezləşdirilməsi, aviabiletlərin və otellərin qiymətlərinin aşağı salınması ilə bağlı tapşırıqlarını verdi.

www.oxu.az