ABŞ-ın Montana Universitetinin tələbəsi Heydər Əliyev mükafatına layiq görülüb
7.5.2012

ABŞ-ın Montana Universitetinin siyasi elmlər fakültəsinin sonuncu kurs tələbəsi, 22 yaşlı Stiven Bebbitt Azərbaycanla bağlı sahələrdə əldə etdiyi akademik nailiyyətlərə görə 2012-ci il Heydər Əliyev mükafatına layiq görülüb. APA-nın xəbərinə görə, Heydər Əliyev mükafatını tələbəyə Azərbaycanın Los-Ancelesdəki vitse-konsulu Ramil Qurbanov təqdim edib. S. Bebbitt 1000 dollarlıq çeki və sertifikatı qəbul edib. O, bu mükafatı almaqdan sevindiyini və qürur duyduğunu, Azərbaycana böyük maraq göstərdiyini bildirib.

S. Bebbitt 2010-cu ildə professor Tomas Qoltsun “Yeni İpək Yolu” təşəbbüsü çərçivəsində Azərbaycana səfər edib, enerji və ətraf mühit mövzusunda yay məktəbində iştirak edib, diplom işini 1988-94-cü illərdə Qarabağ münaqişəsinə dair Qərb mətbuatında dərc olunan materialların statistik təhlilinə həsr edib. S. Bebbitt Montana Universitetində Qoltsun istiqamətləndirdiyi diplomatik imitasiyalar zamanı komandanın kapitanı olub. Komanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və Ərəb Liqasının modellərini yaradıb. Montana Universitetinin komandası Solt Leyk Sitidə regional müsabiqənin və Vaşinqtonda beynəlxalq müsabiqənin iştirakçısı olub və müxtəlif mükafatlar qazanıb. Vaşinqtonda olarkən komanda üzvləri Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla görüşüblər.

APA