Müəllimlərin işə götürülməsi üzrə elektron ərizə qəbulu başa çatıb
16.7.2015

Azərbaycanda 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başa çatıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu 1-15 iyul tarixlərində aparılıb.

Müsabiqənin birinci mərhələsi - test imtahanları 20-26 iyul tarixlərində keçiriləcək. Müvafiq olaraq, testdən keçənlərin müsahibə mərhələsi isə iyulun 28-dən avqustun 2-dək davam edəcək.

İlkin məlumatlara görə, müəllimlərin işə qəbulu üzrə 23 000-dən çox müraciət olub, onlardan 20 000-dən çoxunun ərizəsi qəbul olunub.

Qeyd edək ki, müsabiqəyə ölkə üzrə 3461 vakant yer çıxarılıb. Vakant yerlərin 90 faizi Azərbaycan bölməsi, 10 faizi isə rus bölməsinin payına düşür. Vakansiyaların 15 faizi şəhərləri, 85 faizi rayonları əhatə edir. Bakı üzrə vakansiyaların sayı 446, Cəlilabadda 211, Lerikdə 201, Qubada 183-dür.

Vakansiyaların təxminən 45 faizi kimya, biologiya, fizika və coğrafiya fənlərini əhatə edir. Vakansiyalar kimya üzrə 446, biologiya üzrə 387, fizika üzrə 350, coğrafiya üzrə isə 328 yerdir. Vakansiyalardan 2363 yerə həvəsləndirmə tədbirləri tətbiq olunur. 1098 vakant yer şəhər, qəsəbələri əhatə etdiyi üçün həvəsləndirmə tətbiq olunmur.

Onu da qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, üç mərhələli müsabiqə yolu ilə həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış, hazırda işləməyən, müvəqqəti əmək müqaviləsi ilə işləyən müəllimlər müəssisələrə işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün www.edu.gov.az saytından “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir.

Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər. İmtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 48 və daha çoxuna düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test tapşırıqlarının 60 faizinə, yəni 36 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur.

İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla, namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə dərhal imtahandan sonra həyata keçirilir və nəticələr barədə məlumat hər bir namizədin “Şəxsi səhifə”sinə göndərilir.

APA