AFFA və PFL televiziya kanalları üçün tender elan edir
21.7.2015

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Peşəkar Futbol Liqası (PFL) Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə əlaqədar tender elan edir.

AFFA-nin saytına istinadən verilən xəbərə görə, tenderin məbləği 1 (bir) milyon manatdır. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək. Tenderin qalibi olmaq istəyən televiziya kanalları üçün şərtlər aşağıdakılardır:

- Premyer Liqanın hər turda minimum 2 oyunu canlı yayımlansın.

- Oyunları yayımlayacaq televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlansın.

- AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlansın.

Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq və onun üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq.

Oyunların vaxtı 10 gün əvvəlcədən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək.

Tenderdə iştirak etmək üçün müraciət avqustun 3-dək qəbul olunur.

azertag.az