Mobil qurğularda ənənəvi SİM-kartlar ləğv ediləcək
21.7.2015

İri smartfon istehsalçıları Samsung Electronics və Apple şirkətləri abunəçilərin mobil operatorlarla qarşılıqlı əlaqəsini dəyişməyə imkan verəcək yeni elektron SİM-kart standartının tətbiqini dəstəkləmək niyyətindədir.

RYTN-nin rəsmi saytına istinadən verilən məlumata görə, dünya mobil operatorlarını özündə birləşdirən GSMA Assosiasiyası tezliklə elektron SİM-kartların (E-SIM) spesifikasiyalarını təsdiq etməyi planlaşdırır. Texnologiya smartfon, planşet, “ağıllı” saatların və digər elektronikanın quraşdırılmış SİM-kartlarla satışını nəzərdə tutur və istifadəçilərə istənilən anda müxtəlif operatorlara keçməyə imkan verir.

Yeni standart artıq AT&T, Deutsche Telekom, Etisalat, Hutchison Whampoa, Orange, Telefonica və Vodafone operatorları tərəfindən dəstəklənib. Onlara tezliklə Apple və Samsung şirkətlərinin qoşulması gözlənilir.

Qeyd edək ki, Apple E-SIM ilə oxşar həlli artıq kommersiya bazarında istifadə edir. Belə ki, son nəsil iPad planşetlərində müxtəlif operatorların şəbəkələrinə keçməyə imkan verən Apple SIM SİM-kartı quraşdırılıb.

GSMA-nın ideyası ondan ibarətdir ki, dəyişdirilən SİM-kartlar tam ləğv olunacaq və onların yerini çiplər tutacaq. Bu yenilik istehsalçılara smartfonların qalınlığını azaltmağa imkan verəcək və bütün yeni qurğularda mobil ödənişlər funksiyasının quraşdırılmasına şərait yaradacaq.

xeberler.az