Azərbaycanlı fotorəssam Niderland Kral Fondunun mükafatına layiq görülmüşdür
12.9.2011

Hollandiyanın Bakıdakı səfirliyinə istinadən verilən xəbərə görə, Azərbaycanın foto sənətkarı Rəna Əfəndi şahzadə Klaus Fondunun (Niderland) mükafatının laureatı olmuşdur.
Bu mükafatın laureatları 25 min avro məbləğində pul mükafatı alacaqlar. Təltifetmə mərasimi bu il dekabrın 14-də Amsterdamdakı Kral sarayında keçiriləcəkdir.
Qeyd edək ki, mükafatın laureatları arasında Qazaxıstan, Zimbabve, Nikaraqua, Qvatemala, Özbəkistan, Haiti, Livan, Fələstin və Çinin mədəniyyət xadimləri də vardır.
Hazırda Rəna Əfəndi Qahirədə yaşayır. O, Fifty Crows beynəlxalq sənədli fotoşəkil fondunun müsabiqəsinin mükafatına layiq görülmüşdür, habelə Azərbaycanda “İlin fotosənətkarı” mükafatının laureatıdır. R.Əfəndi müxtəlif ölkələrdə təşkil olunmuş sərgilərdə iştirak etmişdir. 2007-ci ildə Amerikanın “Photo District News” jurnalı R.Əfəndini dünyanın 30 ən görkəmli fotoqrafı siyahısına daxil etmişdir. Onun fotoşəkilləri “Le Monde”, “Le Figaro”, “Liberation”, “Courrier”, “İnternational”, “Newsweek”, “Days Japan”, “Reponse Photo”, “Oqonyok”, “Ekspert” və “Bolşoy Qorod” jurnallarında çap olunmuşdur.