I Avropa Oyunlarında akkreditasiyadan keçən əcnəbilərin Azərbaycanda qalma müddəti gələn həftə başa çatır
24.7.2015

Bakı-2015 I Avropa Oyunları ilə bağlı akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qalması ilə bağlı nəzərdə tutulan müddət gələn həftə başa çatır.

Azərbaycan Respublikası Prezidentinin I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında 8 avqust 2014-cü il tarixli sərəncamına əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq, Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.

Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycana gəlməsi prosesi aprelin 18-də başlayıb.

Birinci Avropa Oyunları 12-28 iyun tarixlərində keçirilib və Oyunların bitməsindən ötən 30 gün müddət iyulun 28-də başa çatır. Buna görə də akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər iyulun 28-dək Azərbaycandan getməlidirlər.

APA