Müəllimlərin işə qəbulu üzrə müsabiqə aparılır.
Təhsil Nazirliyindən bildiriblər ki, artıq müsabiqə çərçivəsində 14 fənn üzrə test imtahanı keçirilib. Bu imtahanlarda ümumilikdə 12 min 76 nəfər iştirak edib.
İndiyədək keçirilən imtahanların nəticələrinə əsasən 1733 nəfər seçdiyi vakant yeri tutmaq hüququ qazanaraq müsabiqənin müsahibə mərhələsinə buraxılıb. Müsahibəyə buraxılanların 186-sı Azərbaycan dili və ədəbiyyatı, 138-i ingilis dili, 39-u rus dili, 5-i rus dili və ədəbiyyatı, 9-u alman dili, 10-u fransız dili, 145-i riyaziyyat, 153-ü informatika, 144-ü fizika, 185-i kimya, 149-u biologiya, 261-i coğrafiya, 152-si tarix, 157-si fiziki tərbiyə müəllimləridir. Müsahibə mərhələsi test imtahanları başa çatdıqdan sonra - iyulun 30-dan avqustun 3-dək keçiriləcək.
Müsabiqənin nəticələrinə əsasən, boş qalan vakant yerlərə avqustun 5-dən sonra əlavə yerləşdirmə həyata keçiriləcək. Əlavə yerləşdirmədə keçid balı toplamış, lakin vakant yer tutmamış namizədlər iştirak edə bilərlər.
azertag.az