Bakı Dövlət Universitetinin professoru Babur adına Beynəlxalq mükafata layiq görülmüşdür
12.9.2011

Özbəkistanın Əndican şəhərində “Məhəmməd Xaydar Mirzənin “Tarixi Rəşidi” əsərinin dünya mədəniyyəti tarixindəki yeri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. Tədbirdə Özbəkistan alimləri ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Çin, Yaponiya, Hindistan, Qazaxıstan və digər ölkələrdən gəlmiş tədqiqatçılar da iştirak etmişlər. Azərbaycanı bu beynəlxalq elmi məclisdə Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər təmsil etmişdir.
Konfransda Özbəkistan Prezidentinin müşaviri Xayriddin Sultanov, Əndican vilayətinin hakimi Axmadcon Usmanov və digər çıxış edənlər Baburun müasiri və silahdaşı olmuş Məhəmməd Xaydar Mirzənin “Tarixi Rəşidi” əsərinin Özbəkistan, Şərq və dünya mədəniyyəti tarixindəki yeri və mövqeyi haqqında söhbət açmışlar.
Konfransda Ramiz Əskərin “Babur və Azərbaycan” mövzusunda məruzəsi maraqla qarşılanmışdır. Məruzədə Baburun Şah İsmayıl Xətai ilə dostluğu, Səfəvilərlə Baburilər sülalələri haqqında elmi açıqlama verilmişdir.
Tədbirdə Ramiz Əskərin Bakıda, Azərbaycan dilində nəfis tərtibatla nəşr etdirdiyi “Baburnamə” kitabının təqdimatı da keçirilmişdir.
Beynəlxalq elmi konfransda Baburun “Seçilmiş əsərləri”ni və “Baburnamə” kitabını tərcümə etdiyinə və türkdilli xalqların ədəbiyyatı qarşısında xüsusi xidmətlərinə görə Ramiz Əskərə Babur adına Beynəlxalq mükafat təqdim olunmuşdur.