"Cisco Expo Learning Club" çərçivəsində 4 min 130 mütəxəssis texnoloji biliklərini artırıb
28.7.2015

"Cisco Expo Learning Club" təhsil layihəsi çərçivəsində "CiscoWebEx" texnologiyası vasitəsilə MDB-nin müxtəlif ölkələrini təmsil edən 4 min 130 informasiya texnologiyaları üzrə mütəxəssis texnoloji biliklərini artırıb.

"Cisco" şirkətindən bildirilib ki, martdan başlayaraq iyuladək onlar üçün yeddi texnoloji istiqamət üzrə 34 vebinar və seminar təşkil olunub. Tədbirlərdə "Əşyaların interneti", "Rabitə operatorları üçün "Cisco" həlləri", "Simsiz şəbəkələr", "İnformasiya təhlükəsizliyi", "Birgə iş üçün texnologiyalar", "Korporativ şəbəkələr infrastrukturu", "Verilənlərin emalı mərkəzləri" mövzularında təqdimatlar olub.

Tədbirlər yeni "tektorial" formatında keçirilib. Ənənəvi seminarlardan fərqli olaraq "tektorial" mövzunun daha dərindən öyrənilməsini təmin edən texniki təlimdir. Bundan əlavə, videoəlaqəni təmin edə bilən "CiscoTelePresence" sisteminin yardımı ilə verilənlərin emalı mərkəzlərinə həsr edilən bir neçə seminar da keçirilib.

"Cisco Expo Learning Club" seminarlarının yaz mövsümü dinləyicilər tərəfindən də yüksək qiymətləndirilib. Nəticədə, "Cisco Expo Learning Club" layihəsinə qoşulanların sayı hazırda 19 mini keçir", - deyə proqramın əlaqələndiricisi Nataliya Nikiforenko deyib.

"Cisco Expo Learning Club" təhsil layihəsinin yaz mövsümünün materialları http://ciscoclub.ru/materials_of_past_seminars səhifəsində yerləşdirilib.

2009-cu ildən fəaliyyətə başlayan "Cisco Expo Learning Club" təhsil layihəsi Rusiya Federasiyası və qonşu ölkələrin ərazisində fəaliyyət göstərən informasiya texnologiyaları üzrə mütəxəssislərin ixtisaslarının artırılmasına istiqamətlənən ən irimiqyaslı instituta çevrilib. Hazırda klub iştirakçılarının sayı 19 min 329 nəfər təşkil edir. "Cisco WebEx" internet-xidmətinin tətbiqi sayəsində klubun iştirakçıları zaman və pul vəsaiti sərf edib Moskvaya getmək zəruriyyətindən qurtulmuş oldular. Proqram ödənişsizdir. Qeydiyyat http://ciscoclub.ru/user/register saytında keçirilir.

azertag.az