Ali Məhkəmənin təşəbbüsü ilə "Azərbaycanca-ingiliscə hüquq lüğəti" adlı kitab nəşr edilib. Lüğət Ramiz Rzayev, Rafiq Novruzov və Könül Əliyeva tərəfindən birgə hazırlanıb. Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, "Azərbaycanca-rusca izahlı hüquq lüğəti"ndən sonra geniş oxucu kütləsinə təqdim olunan, 19 minədək söz və söz birləşməsini özündə əks etdirən bu lüğət hüquqşünaslar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, hüququn inkişafında maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalı məxəz rolunu oynayır. Lüğətdə qanunvericilikdə işlənən və hüquq elminin bütün sahələrini əks etdirən söz və terminlərin, ifadələrin əksəriyyəti öz əksini tapıb. Lüğətin fərqləndirici cəhətlərindən biri də odur ki, burada yalnız hüquqi xarakter daşıyan söz və ifadələrə deyil, həm də işgüzar məktubların, şikayətlərin, ərizələrin tərtibi zamanı istifadə olunan terminlərə də geniş yer verilib.
APA