Mis üzərində oyma sənətinin biliciləri
29.7.2015

Xalq sənətkarlığının maraqlı, həm də çətin sahələrindən olan misgərlik İsmayıllı rayonunda, xüsusən qədim yaşayış məskəni Lahıcda bu gün də yaşadılmaqdadır.

Lahıc qəsəbəsi, ümumiyyətlə kustar sənətkarlığın mərkəzi kimi həmişə məşhurdur. Qeyd edək ki, Lahıc yeddi məhəllədən ibarət olub. Hər məhəllənin ayrıca məscidi və hamamı, həm də bir-birindən fərqli peşəsi olub. Sərraclıq, silahqayırma (hazırda məişətdə istifadə olunan alətlər, o cümlədən çəkic, balta, yaba, bel və s. hazırlanır), nəqqaşlıq, toxuculuq, papaqçılıq və iki yerdə misgərlik peşələri nəsildən-nəslə ötürülərək günümüzədək gəlib çatıb.

Misgərlik sahəsi əslində Əliyevlər nəslinin adı ilə bağlıdır. Hacı Nağının ulu babaları, atası və özü ustad misgər olublar. Nəslin peşə ənənəsini hazırda Kərbəlayi Əliyev və Nəzər Əliyev əmiuşaqları yaşadırlar. Kərbəlayinin dükanı Lahıcın mərkəzi küçəsində yerləşir. Bura istehsal müəssisəsi olmaqla yanaşı, həm də mis məmulatları muzeyi kimi də məşhurdur. Beynəlxalq turizm marşrutuna daxil olan Lahıca gələnlər bu dükanda cərgələnən mis əşyalara, onların üzərindəki döymə naxışlara heyranlıqla baxır, demək olar ki, buradan suvenirsiz çıxmırlar. K.Əliyev maraqlananlara misgərliyin tarixi, ailə ənənələri, peşənin incəlikləri barədə də həvəslə məlumat verir.

K.Əliyevin əmisi oğlu Nəzər Əliyev ali təhsilli riyaziyyat müəllimidir. Xalq sənətkarı, misgər kimi tanınan ustadır. O, beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Mis üzərində oyma sənətinin kamil bilicilərindəndir.

Bu gün Lahıcda misgərlik sənətinə böyük maraq var. Əliyevlər ailəsindən, eləcə də Lahıcdan neçə-neçə gənc bu sənətin incəliklərini həvəslə öyrənirlər.

azertag.az