Sentyabrın 16–da Daşkənddəki Milli İncəsənət Mərkəzində Azərbaycan Mədəniyyəti Günü keçiriləcəkdir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir ölkəmizin Özbəkistandakı səfirliyinin və Forum Fondunun birgə təşkilatçılığı ilə reallaşacaqdır.
Azərbaycan Mədəniyyəti Günü çərçivəsində rəsm sərgisi və konsert təşkil olunacaqdır. Təntənəli mərasim sentyabrın 16-da Daşkənddə tematik ekspozisiyanın nümayişi ilə başlanacaqdır. Burada müasir Azərbaycanın inkişafını əks etdirən fotomateriallar və çap məhsulları sərgilənəcəkdir. Həmçinin bu ölkədə yaşayan azərbaycanlıların və Özbəkistanın musiqi kollektivlərinin ifasında Azərbaycan xalq musiqisindən, klassik və estrada mahnılarından ibarət konsert təqdim olunacaqdır.
Bundan əlavə, Azərbaycanın müasir mədəniyyətinin, o cümlədən xalçalarının, musiqi alətlərinin, görkəmli fırça ustası Səttar Bəhlulzadənin rəsmlərinin əks olunduğu sərgi açılacaqdır.