Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı Andreas Brokasın rejissoru olduğu “Sonsuz dəhliz” sənədli filmi avqustun 4-də yerli vaxtla saat 21:00-da İsrailin “Channel 1” televiziya kanalında nümayiş etdiriləcək.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) bildiriblər ki, Xocalı faciəsindən bəhs edən sənədli filmin yaxın aylar ərzində dünyanın digər televiziya kanallarında da nümayişi nəzərdə tutulur. Filmin premyerası Türkiyənin “Kanal 24”, “CNN Türk” kanallarında və Albaniyanın Milli Televiziyasında da baş tutub.
Xatırladaq ki, “Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.
azertag.az