Azərbaycan prezidenti İlham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam imzalayıb.
Hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığı, təchizatın müasir tələblərə cavab vermədiyi nəzərə alınaraq teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə Prezidentin ehtiyat fondundan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Dərbənd şəhərində XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb. Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırıb.
APA