İyunun 1-dən etibarən «Azərbaycan Hava Yolları» aviaşirkəti (AZAL) Bakı-Novosibirsk-Bakı sərnişin aviareysi üzrə birbaşa uçuşlara başlayacaq.
AZAL-dan verilən məlumata görə, Bakıdan uçuşlar hər həftənin V günləri saat 12:00-da, Novosibirskdən əks istiqamətə isə saat 19:10-da (yerli vaxtla) «Airbus A-319» təyyarəsi isə yerinə yetiriləcək: «Sözügedən aviareys üzrə uçuşlar cari ilin noyabrın 26-dək həyata keçiriləcək. Hazırda hər iki istiqamətə bir biletin minimal qiyməti 421 manat təşkil edir».
Qeyd edək ki, cari ilin mayın 30-da Azərbaycanın «Turan Air» aviaşirkəti də Bakı-Novosibirsk aviareysini bərpa edəcək. «Turan Air» Bakıdan Novosibirsk şəhərinə uçuşları hər həftənin III günləri saat 09:00-da, əks istiqamətdə isə saat 16:15-də yerinə yetirəcək.
Xatırladaq ki, hazırda Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə birbaşa aviareysləri Rusiyanın «S7 Airlines» («Sibir») aviaşirkəti yerinə yetirir. Bu şirkət Bakıdan Novosibirskə uçuşları hər həftənin II və VII günləri saat 13:00-da təşkil edir. Hər iki istiqamətə bir biletin orta qiyməti 545 manat təşkil edir.
Göründüyü kimi, artıq yaxın 20 gündən sonra Bakıdan Novosibirskə həftədə 4 dəfə uçuşlar həyata keçiriləcək.
APA