Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Bizim gücümüz birliyimizdədir" adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova açıq elan edib.
Daha sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva tədbirin mahiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan ailəsinə xas dəyərlərin və sağlam həyat tərzinin təbliği, habelə ailələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə təşkil olunan tədbirə rayon ərazisində yaşayan ailələr dəvət olunublar. Sədr müavini qeyd edib ki, uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu böyükdür. Belə ki, vətənə, dosta məhəbbət ilkin olaraq ailədə formalaşmağa başlayır. Ailə insan xarakterinin bünövrəsini qoyur. Bu bünövrə elə qoyulmalıdır ki, bir insan ömrünü üzərində doğru-dürüst saxlaya bilsin. Ailələr müxtəlif olduğundan tərbiyəvi mühit də müxtəlifdir. A.Sofiyeva bildirib ki, milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşamışdır. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır. Bu mənada Azərbaycan ailəsi də başqa ailələrdən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə anılan nümunəvi ailələrimiz çoxdur. Diqqətə çatdırılıb ki, milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi çoxşaxəli layihələr də diqqətçəkəndir. Fond Azərbaycanın muğam sənətinin, eləcə də çoxəsrlik abidələrinin qorunması, mədəniyyətimizin ölkə hüdudlarından kənarda təbliğinə böyük qayğı göstərir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva bildirib ki, yay tətili günlərini səmərəli və maraqlı keçirmək məktəblilər üçün çox vacibdir. İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir. Hər bir ailə uşaqların istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var. Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval-ruhiyyə yaradır.
Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyevin "Dövlətin ailə siyasəti" mövzusunda çıxışı da maraqla qarşılanıb.
Maarifləndirmə tədbiri çərşivəsində ailə büdcəsinin idarə olunması barədə dəyərli məsləhətlər verilib, gənclərin fiziki hazirlığının önəmi və sağlam həyat tərzi təbliğ olunub, həmçinin intellektual oyunlar və idman yarışları keçirilib.
azertag.az