ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada 10 günlük treninqlərə başlanılıb
12.8.2015

Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 10 günlük treninqlər təşkil olunub.

Kitabxanadan bildirilib ki, avqustun 10-da açılışı olan treninq sayca dördüncüdür. Qax, İmişli, Zərdab, Ağcabədi, Bərdə və Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri bu treninqdə həm ALİSA proqramında işləmək üçün MARC 21 formatını öyrənəcək, həm də ALİSA-da iş vərdişlərini mənimsəyəcəklər.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin kitabxananın və Ultra şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını söyləyib, iştirakçılara mövcud problemləri dərhal bildirməyi xahiş edib. Qeyd edib ki, treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən iş prosesləri ilə yaxından tanış olacaq, yeni iş üsulları, yeni xidmət növlərini əyani izləyəcəklər. Sonda müdavimlər sertifikatla təmin olunacaqlar.

azertag.az