İran İslam Respublikasının elektron xəritəsi "GoMap" (gomap.az) naviqasiya sisteminə inteqrasiya edilə bilər. Hazırda İranın elektron xəritəsinin "GoMap" sisteminə inteqrasiyası məsələsi müzakirə olunur.
"Sinam" şirkətindən verilən məlumata görə, daha bir yenilik isə Türkiyənin "Infotech" şirkəti ilə bu ölkənin elektron xəritəsini "GoMap" sisteminə daxil etməsi ilə bağlı razılığın əldə olunmasıdır. Türkiyə ilə bağlı layihə qeyd edilən şirkətlə əməkdaşlıq zəminində həyata keçirilə bilər. Türkiyənin naviqasiya xəritəsinin tam şəkildə "GoMap" sisteminə inteqrasiyası üçün bir sıra texniki məsələlər həll edilməlidir.
Hazırda "GoMap" Azərbaycan və Gürcüstan ərazisində vahid marşrut təyin etməyə imkan verir. "GoMap" sisteminin əhatə dairəsinin genişləndirilməsi bu xidmətin Türkiyəyə gələn turistlər üçün faydalı olmasına şərait yaradır. Xəritənin təkmilləşdirilməsindən sonra Türkiyənin turist zonalarına səyahət daha rahat olacaq. Bütün yol nişanları və yol hərəkəti qaydaları nəzərə alındığı üçün bu rahatlıq xüsusən avtomobil sahibləri tərəfindən hiss ediləcək.
“Gomap.az” layihəsi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "Sinam" şirkəti tərəfindən həyata keçirilib. "GoMap" Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bulud texnologiyaları əsasında yaradılmış ilk resurslardandır. Marşrutun hamarlanması funksiyası da xəritəyə inteqrasiya edilib. Bundan əlavə, elektron xəritəyə tarix və mədəniyyət abidələrinin fotoşəkilləri və təsvirləri də daxildir.
azertag.az