Bakının Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“Azəryolservis” ASC-dən bildirilib ki, nəqliyyatın hərəkətinin məhdulaşdırılması küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədardır və işlər avqustun 13-14-də həyata keçiriləcək. Bu müddətdə sürücülərdən alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyə edilir.
N.Rəfiyev küçəsində təmir-tikinti işləri “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində aparılır. Uzunluğu 1070, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilmiş xəndəklər artıq bərpa olunub, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınıb. Ümumilikdə küçənin 19 min 500 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.
Bundan başqa küçədə köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri də aparılıb. Təqribən küçəyə 2200 paqonmetr yeni səki daşı düzülüb. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib.
azertag.az