Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhərində iş vaxtının dəyişdirilməsi üçün özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bankların rəhbərlərinə müraciət edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2015-ci ilin avqust ayından başlayaraq Bakı şəhərində iş vaxtının özəl sektorda saat 07:30 – 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunur.
Müraciətdə deyilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” 30 iyun 2015-ci il tarixli 1 nömrəli protokolunun 24-cü bəndi ilə Bakı şəhərində ictimai şəhər nəqliyyatının iş rejimini normallaşdırmaq, avtomobil yollarında tıxacların yaranmasına şərait yaratmamaq və sərnişin daşımalarında yol hərəkətinin təhlükəsizliyini yüksəltmək məqsədilə 2015-ci ilin avqust ayından başlayaraq Bakı şəhərində iş vaxtının özəl sektorda saat 07:30 – 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunur. Tövsiyənin icrasını təmin etmək üçün Bakı şəhərində özəl sektorda və bank sektorunda fəaliyyət göstərən işəgötürənlər tərəfindən aşağıda qeyd edilən əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi zəruridir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər.
Əmək Məcəlləsinin 11-ci maddəsinin birinci bəndinin ə) yarımbəndi ilə işəgötürənə bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək hüququ verilmişdir. Əmək şəraiti — işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. Bu baxımdan işçinin əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtının başlanması vaxtının dəyişdirilməsi onun əmək şəraiti şərtlərinin dəyişdirilməsi kimi qəbul edilməlidir.
Əmək Məcəlləsinin 56-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "c" bəndində nəzərdə tutulan əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilə bilər. Bu halda nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin yeddinci hissəsinə əsasən işəgötürən işçinin əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "c" bəndi ilə xitam verildikdə ona orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının yuxarıda qeyd edilən protokolunun 24-cü bəndi ilə müəyyən edilən tövsiyə xarakterli tədbirin dövlət əhəmiyyətli olduğunu Bakı şəhərində yerləşən özəl sektorda və bank sektorunda çalışan işəgötürənlərin diqqətinə çatdıraraq, əmək müqavilələrində iş vaxtının başlanması ilə bağlı əmək şəraiti şərtlərinin dəyişdirilməsinin həmkarlar ittifaqı təşkilatı ilə, müəssisədə həmkarlar ittifaqı təşkilatı olmadıqda əmək kollektivi ilə danışıqlar aparmaqla işçilərin əmək müqavilələrinə xitam verilməsi hallarına maksimum səviyyədə yol vermədən həyata keçirilməsinin zəruri olduğunu bildirir.”.
Müraciətdə Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərdən və bankların rəhbərlərindən görülən tədbirlər barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron poçtuna (info@mlspp.gov.az) məlumat göndərmələri xahiş olunur".
azvision.az