Balıq yağı şizofreniyanın qarşısını ala bilər
14.8.2015

Avstraliyalı alimlərin araşdırmalarına görə, balıq yağı istifadə edənlərin şizofreniya xəstəliyinə tutulma riski daha azdır.

Azərbaycan Milli Elmlər Akademiyasından bildiriblər ki, Melbourne Universitetinin elm adamlarının araşdırmaları nəticəsində 3 ay müddətində tərkibində omeqa-3 olan balıq yağı istifadə edənlərdə şizofreniya əlamətlərinin daha az olduğu məlum olub. Alimlər 13-25 yaşlarında olan və şizofreniyanın ilk əlamətlərinə rast gəlinən pasiyentlərə üç ay müddətində balıq yağı həbləri veriblər. Digər pasiyentlər isə tərkibində faktor maddə olmayan həblər (plasebo) istifadə ediblər. Bir il sonra balıq yağı istifadə edənlərin 10 faizinə, plasebo qəbul edənlərin isə 40 faizinə şizofreniya diaqnozu qoyulub.

Lakin alimlər araşdırmaların miqyasının kiçik olduğunu və bu nəticələrin başqa araşdırmalarla öz təsdiqini tapmasının vacibliyini bildiriblər.

azertag.az