Alim Qasımova “qızıl səsi olan insan” dedilər
20.8.2015

Malayziyada ingilis dilində nəşr olunan nüfuzlu “New Strait Times” qəzeti Azərbaycanın dünya şöhrətli muğam ustası, xalq artisti Alim Qasımov haqqında “Qızıl səsi olan insan” başlıqlı geniş məqalə dərc edib.

Məqalədə tanınmış muğam ifaçısının Malayziyada ilk konsertinin keçiriləcəyi xəbər verilib və onun tamaşaçıları öz səsi ilə ovsunlayacağı vurğulanıb.

Yazıda Alim Qasımovun “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində çıxışı xatırladılıb. Sənətkarın “uçan xalça”da Olimpiya stadionundakı sakit izdiham üzərindən səhnəyə gəlməsi və ifası ilə tamaşaçıları valeh etdiyi qeyd olunub, xanəndənin möhtəşəm performansından bəhs edilib.

Alim Qasımovun dünyanın dahi müğənnilərindən biri olduğu diqqətə çatdırılaraq, bu il sentyabrın 7-də “Diverse City 2015: Kuala-Lumpur” beynəlxalq incəsənət festivalı çərçivəsində keçiriləcək konserti haqqında söz açılıb.

Məqalədə Alim Qasımovun 1995-ci ildə Fransada keçirilmiş festivalda tanışlıqdan sonra Jeff Buckley ilə duet oxuduğu, daha sonra violonçel ustası Yo Yo Ma ilə “İpək Yolu” layihəsində, habelə iranlı kamança ustası Kayhan Kalhor ilə əməkdaşlıq etdiyi vurğulanıb. Sənətkarın UNESCO-nun yüksək mükafatına layiq görüldüyü bildirilib.

Bundan başqa, yazıda Alim Qasımovun həyat və yaradıcılığı, qızı Fərqanə Qasımovanın sənətkarla birgə səhnə performansı, həmçinin fransız etnomusiqişünası Jan Durinqin sənətkar haqqında dedikləri də öz əksini tapıb.

Publika.az