"Vogue" jurnalı haqda sənədli film çəkiləcək
21.8.2015

İngiltərənin dünyaca məşhur jurnalı "Vogue" 100 illik yubileyini qeyd edəcək.

Bu münasibətlə BBC telekanalı nəşr haqqında sənədli film çəkməyi planlaşdırır. İki seriyadan ibarət olacaq film gələn il ekrana çıxacaq. Filmin hər iki hissəsində tamaşaçılar jurnalın redaksiyasında və onun hüdudlarından kənarda baş verənləri izləyə biləcəklər. Ekran əsərini öz sənədli filmlərinə görə dəfələrlə mükafat qazanmış "Lightbox" şirkəti çəkəcək. "Yubileyimizə həsr olunmuş film üzərində "Lightbox"la çalışmağa çox məmnunam. Biz əvvəllər heç vaxt jurnalda nə baş verdiyini kameraya çəkməyə razılaşmırdıq, ancaq 100 illik yubiley"Vogue"nin bütün gücünü nümayiş etdirmək üçün layiqli səbəbdir", - deyə saytın baş redaktoru Aleksandr Şulman bildirib.

Qeyd edək ki, 2009-cu ildə "Vogue" jurnalının Amerika redaksiyası haqqında "Sentyabr nömrəsi" adlı film çəkilib. Böyük uğur əldə edən ekran əsri artıq əfsanəvi filmə çevrilib.

AZƏRTAC