Azərbaycanda yeni «iPad»ın rəsmi satışına başlanılıb
11.5.2012

Bu gün «Apple» şirkətinin Azərbaycanda rəsmi biznes tərəfdaşı və satış mərkəzi olan «Alma Store» yeni, 3-cü nəsil «iPad»ın Azərbaycanda rəsmi təqdimatını keçirib.

Təqdimat mərasimində qeyd olunub ki, yeni «iPad»ın rəsmi satışına bu gün saat 19:00-da başlanacaq. Öz kateqoriyasında yeni standartlar təyin edən yeni «iPad» yeni «Retina» displeyi, 4 nüvəli qrafikaya malik A5X çip, 5 meqapikselli «iSight» kamera və 1 080r HD video genişlənmə ilə təchiz olunub. Yeni «iPad» WiFi+4G yüksəksürətli internet şəbəkəsinə qoşula bilir və eyni zamanda lokal mobil operatorların internet servislərindən istifadə etmək mümkündür. «iPad» 10 saatlıq batareya ömrü ilə yanaşı əvvəlki kimi yüngül və incə quruluşa malikdir. Eyni zamanda, yeni «iPad» diktə ilə işləmə funksiyasına malikdir. Bu funksiya vasitəsilə səslə qeydlər götürmək, «e-mail» yazmaq, internetdə axtarış etmək, «Facebook», «Twitter» və ya instaqramda statusu yeniləmək olar.

Yeni «iPad» üçün daxili aplikasiyalarla yanaşı «online» aplikasiyalar mağazası olan «App Store»da 200 mindən artıq proqram, oyun, kitab və s. yükləmələri əldə etmək mümkündür.

Bu gündən etibarən yeni «iPad» Azərbaycanda 549 manatdan (WiFi 16 GB) başlayan qiymətlə satışa çıxarılıb. Konfiqurasiyadan asılı olaraq «iPad»ın qiyməti 659 manat (WiFi 32 GB), 769 manat (WiFi 64 GB), 689 manat (WiFi+4G 16 GB), 799 manat (WiFi+4G 32 GB) və 899 manat (WiFi+4G 64 GB) təşkil edir. Yeni «iPad»ın rəsmi satışına bu gün həmçinin Rusiya və Ukraynada başlanılır.

Qeyd edək ki, tədbirdə yeni «iPad»lə yanaşı 10 ildən artıq Azərbaycanda «Apple» şirkətini təmsil edən «Alma Store» mağazalar şəbəkəsinin tarixi barədə də məlumat verilib.

Xatırladaq ki, «Alma Store» şirkəti 2002-ci ildən etibarən «Apple» şirkətini Azərbaycanda təmsil edir. Hazırda «Alma Store»un Bakıda 4 mağazası var.

APA